29.10.2015
“Azərbaycan gəncliyi və dini radikalizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Bakıda və regionlarda tədbirlər davam etdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən “Gənclərin dini radikalizmdən qorunması” layihəsi çərçivəsində oktyabrın 28-də “Azərbaycan gəncliyi və dini radikalizm” mövzusunda ikinci maarifləndirmə tədbiri keçirilib.
Qaradağ rayonu Lökbatan qəsəbə məscidində keçirilmiş tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev,Lökbatan qəsəbə məscidi dini icmasının sədri Faiq Əhmədov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev gənclərin dini maariflənməsinin əhəmiyyətindən, dini radikalizmin onlara təsir imkanlarının məhdudlaşdırılmasından bəhs edib. Bildirilib ki, Dövlət Komitəsi hazırda dini radikalizmlə mübarizə istiqamətdə genişmiqyaslı tədbirlər keçirməkdədir.Tədbirdə çıxış edən digər natiqlər də məsələnin aktuallığına diqqət çəkərək həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər.
