Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda tədbir keçirilib.
Xaçmaz Peşə Liseyində təşkil olunan tədbirdə din xadimləri, rayon icra strukturlarının nümayəndələri, eləcə də liseyin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub.
DQİDK-nın Şimal regional şöbəsinin nümayəndəsi Eynulla Xeyrullayev çıxışında müstəqilliyin ilk illərində yaranan xaosdan istifadə edərək ölkəmizə ayaq açan qeyri-ənənəvi, zərərli dinlər və təriqətlər barədə məlumat verib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dinə baxış və münasibət müsbət məcrada dəyişməyə başlayıb. Aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya miqyasında tolerantlıq nümunəsinə çevrilib.
Tədbirdə qeyd olunub ki, ölkəmizdə bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənilib. Dini ayrı-seçkilik və ədavətə, dini və milli dözümsüzlüyə qarşı bu gün də ciddi mübarizə aparılır.
Çıxışlarda Azərbaycanda dini maarifləndirmə prosesinin, o cümlədən bu cür tədbirlərin davamlı olmasının zəruriliyi qeyd edilib.