07.04.2017
Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirmə tədbiri keçirilib
Aprelin 7-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə “İslam təsərrüfatçılığının cəmiyyətin inkişafında rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmləri doktoru Lətafət Hümbətova, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biznes və menecment fakültəsinin dekanı M.Əhmədov 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətinə toxunaraq bunun milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu bildirib.
Daha sonra çıxış edən Fəlsəfə kafedrasının müəllimi, fəlsəfə elmləri doktoru Lətafət Hümbətova İslam təsərrüfatçılıq ənənəsi və bu ənənənin fərqli xüsusiyytləri haqqında məruzə ilə çıxış edib.Eyni zamanda dini-mənəvi dəyərlərin iqtisadi sahəyə də təsiri müxtəlif nümunələrlə göstərilib.
Sonda çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev müstəqillik əldə edildikdən sonra milli-mənəvi dəyərlərə qayıdış prosesinin məntiqi nəticəsi olaraq 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edib. İslam həmrəyliyinin nəinki mənəvi və mədəni, eyni zamanda iqtisadi sahəyə də böyük töhfə verəcəyini dinləyicilərin diqqətinə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı müəllim və tələbələrin sualları cavablandırılıb.