22.07.2014
Azərbaycan - dini qarşıdurmalarla çalxalanan müasir dünyaya ən uğurlu nümunə
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Ramazan ayı ilə əlaqədar iyulun 19-da Lerik rayonunda səfərdə olub. Burada Səyyad Salahlı beş şəhid ailəsi ilə görüşərək, onlara Komitə adından bayram sovqatlarıtəqdim edib. Daha sonra o, DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində din xadimləri, ağsaqqallar və ziyalılarla görüşüb.
Görüşdə dövlət-din münasibətlərindən danışan Səyyad Salahlı bildirib ki, hər bir Azərbaycan vətəndaşı ümummilli məsələlərdə birlik nümayiş etdirməli, ölkəmizin inkişafı naminə çalışmalıdır. Ölkə dindarları da milli-mənəvi dəyərlərin qorunması üçün əllərindən gələni etməlidirlər. Müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində milli-mənəvi dəyərlərimizə qayıdış prosesi sürətlənib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi siyasət nəticəsində ölkədə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Tolerantlığın Azərbaycan modelinin bütün dünyada təqdir edilməsi dövlətimizin din siyasətinin uğurunun bariz nümunəsidir.
Çıxış edən tədbir iştirakçıları dövlətin din siyasətindən razılıqlarını bildirib və ölkə rəhbərliyinin dinə münasibətinin dindarlara diqqət və qayğısında, dini ibadət ocaqlarının inşa, bərpa və təmir olunmasında təzahür etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycandakı tolerantlıq az qala hər guşəsi dini zəmində qarşıdurmalarla çalxalanan müasir dünyanın ehtiyac duyduğu dinc yanaşı yaşamağın ən uğurlu nümunələrindəndir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.