26.10.2017
Azərbaycan bütün dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkədir
Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala rayonu Bankə qəsəbəsi Həzrət Əli məscidi dini icmasının “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov, Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, dini icma sədri Əli Musayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. Natiq onu da qeyd edib ki, Azərbaycan bütün dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkədir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov çıxış edərək layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsilə multikultural və tolerant dəyərlərin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında düzgün təsəvvürlərin yaradılması haqqında məlumat verib. O, həmçinin, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Daha sonra QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, dini icma sədri Əli Musayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.