Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2019

Astarada “Vətənpərvərlik dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusu müzakirə olunub

Oktyabrın 25-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon İcra Hakimiyyətinin Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib.

Ərçivan qəsəbəsində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyətinin Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi Cəbrayıl Salmanov, Ərçivan qəsəbə bələdiyyəsinin sədri İradə Rzayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin əməkdaşı Hikmət Abbasov, ziyalılar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən, dini radikalizmdən qorumağın, habelə, onların vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyi qeyd edilib. Vurğulanıb ki, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə və digər mənfi meyillərə qarşı mübarizədə əhəmiyyətlidir. Natiqlər Azərbaycan gənclərinin vətənə, dövlətə sadiq və yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu diqqətə çatdırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.