06.09.2016
Astarada “Sülh aylığı” çərçivəsində “İslam dini sülhün carçısıdır” mövzusunda tədbir keçirilib
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Astara rayonu Səncərədi kənd məscidində “Sülh aylığı” çərçivəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda dini icma sədrlərinin və dindarların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Lətifov, Səncərədi kənd İƏD üzrə nümayəndəsi Zaur Həsənov və din xadimləri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti, Ombudsmanın təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgə şöbəsinə daxil olan rayonlarda maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov öz çıxışında İslamın sülh və sevgi dini olduğu, İslam tarixində dahi şəxsiyyətlərin sülh və barışa hörmətlə yanaşdıqları, bu gün dünyada baş verən proseslərdə İslam dininin mövqeyi barədə məlumat verib.
Daha sonra çıxış edən Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Xəlil Lətifov dini radikalizm mövzusuna toxunub. Qeyd olunub ki, sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunmasında cənab Prezidentimizin xüsusi xidmətləri var və bunu dünya dövlətləri də yüksək dəyərləndirirlər. İşğal olunmuş Azərbaycan torpaqlarının sülh yolu ilə azad olunması istiqamətində atılan addımlar da dövlətimizin sülhə, barışa olan mövqeyidir.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.