01.11.2017
Astarada "İslamda uşaq hüquqları" mövzusu müzakirə olunub
Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon İcra Hakimiyyətininin birgə təşkilatçılığı ilə rayonun Sipiyəpart kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “İslamda uşaq hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə və Emin Həmidli, Astara Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, məktəbin direktoru Ağakişi Nəcəfov, müəllim və sagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadəçıxışında ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət göstərildiyini, uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsili üçün şəraitin yaradıldığını bildirib.
Daha sonra çıxış edən Astara RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov məktəblərdə mütəmadi olaraq keçirilən maarifləndirici tədbirlərin uşaqların hüquqlarının müdafiəsi, onların şəxsiyyət kimi vətənpərvər ruhda tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyi, həmçinin, erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verib.
Məktəbin direktoru Ağakişi Nəcəfov və digərləri çıxışlarında keçirilən maarifləndirici tədbirləri şagirdlərin əsl vətəndaş kimi formalaşması üçün vacib olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.