23.09.2016
Astarada "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib
Sentyabrın 23-də Astara rayonu Təngərüd kənd mədəniyyət evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsi müdir müavini Cahandar Əlifzadə, Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, din xadimləri, dini icma sədrləri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev rayondakı mövcud dini vəziyyət, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizmlə mübarizədə aparılan maarifləndirmə tədbirləri barəsində məlumat verib.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib.
Çıxışında qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verən Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə onların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından geniş bəhs edib.
Media və din mövzusunda çıxış edən Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin əməkdaşı Tərxan Paşazadə bildirib ki, dini radikalizmə qarşı mübarizədə media xüsusi əhəmiyyətə malikdir. Dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı mübarizənin aparılmasında medianın rolunu artırmaqla mühüm nəticələr əldə etmək mümkündür.
Digər məruzəçi QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov qeyd edib ki, dini radikalizmin yaranmasının əsas səbəblərindən biri digərlərini batil hesab etmək, digər etiqadlara qarşı dözümsüzlük nümayiş etdirməkdir. Məruzəçi bu düşüncədə olan insanların başqalarının görüşlərini kökündən rədd etdiklərini, onları düşmən elan etdiklərini, “bizim kimi düşünməyənlər bizim düşmənlərimizdir” prinsipinə əsaslandıqlarını bildirib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
(2).jpg)
(2).jpg)
(2).jpg)
(2).jpg)
.jpg)