20.05.2016
Astarada “Narkomaniya və ona qarşı mübarizədə üzərimizə düşən vəzifələr" mövzusunda tədbir keçirilib
Astara Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə mayın 20-də Astara rayonu Mərkəzi kitabxanasında "Narkomaniya və ona qarşı mübarizədə üzərimizə düşən vəzifələr" mövzusunda seminar keçirilib. Seminarda Astara Rayon İcra Hakimiyyətinin, rayon Təhsil, Mədəniyyət və turizm şöbələrinin əməkdaşları, Astara Pedaqoji Kollecinin müəllim və tələbələri, eləcə də orta məktəb şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb.
Astara Rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Astara rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov və Astara Pedaqoji Kollecinin müəllimi Ruslan Əliyev tədbirdə çıxış edərək bu bəlaya qarşı təbliğat işlərinin mütəmadi aparılmasının və bu sahədə beynəlxalq təcrübələrdən yararlanmağın vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)