Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2017

Astarada “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 23-də Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Astara şəhər “Qum” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Mərasim Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, dindarlar, dini icma sədrləri, ziyalılar iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək ölkəmizin zəngin milli-mənəvi dəyərlərə sahib olmasından, bu dəyərlərin qorunmasının və gənclər arasında təbliğinin əhəmiyyətindən danışıb. O, tarixən ölkəmizdə məzhəblər arasında həmrəylik, dostluq, qardaşlıq münasibətlərinin hökm sürdüyünü bildirib.
Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Mərasim Hacıyev Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam aləmində həmrəyliyə, birliyə töhfə olacağını diqqətə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov çıxışında xalqımızın tarixən multikultural və tolerant dəyərlərə sahib olduğunu, multikulturalizmin dövlət siyasəti olduğunu bildirib.
İlahiyyatçı Mahir Şəkərov dini radikalizm, onun cəmiyyət və bəşəriyyət üçün fəsadları haqqında məlumat verib.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova multikultural və tolerant dəyərlərin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğulayıb.
Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında ənənəvi İslam dəyərləri, İslam dininin elmə və təhsilə verdiyi önəmin əhəmiyyətini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.