Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2017

Astarada “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Astara şəhər “Qum” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində yanvarın 26-da Astara rayonu Kijəbə qəsəbə məscidində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Kijəbə qəsəbə İcra nümayəndəsi Şahin Əmənullayev, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, dindarlar, dini icma sədrləri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə barədə danışarkən, milli-mənəvi dəyərlərimiz və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusilə də milli-mənəvi dəyərlərimizə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edib. O, ölkəmizdə tarixən məzhəblər arasında həmrəylik, dostluq, qardaşlıq münasibətlərinin hökm sürdüyünü bildirib.
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov çıxışında Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində tapılmış maddi-mədəniyyət nümunələrinin ölkəmizin ən qədim insanların  məskunlaşdığı ərazilərdən biri olduğunu, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibinin burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratdığını bildirib. Ölkəmizdə müxtəlif dinlərə aid çoxlu sayda dini-tarixi abidələrin mövcudluğunu, bu abidələrin dövlət tərəfindən mühafizə olunduğunu, təmir-bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. 
Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında İslam dininin dünyəvi, müasir  din olduğunu qeyd edərək ənənəvi İslam dəyərləri, dinimizdə “orta yol” anlayışı, İslam dininin elmə və təhsilə verdiyi önəmin əhəmiyyətini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli qeyri-ənənəvi dini cərəyanlar, onların xüsusiyyətləri, yaranma səbəbləri haqqında məlumat verib.
Kijəbə qəsəbə icra nümayəndəsi Şahin Əmənullayev, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev mövzu ətrafında fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.