01.06.2017
Astarada “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib
İyunun 1-də Astara rayonu Səncərədi kənd E.Ağayev adına tam orta məktəbində rayonun Artuba, Züngüləş və Alaşa kənd tam orta məktəblərinin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara şəhər Təhsil şöbəsinin əməkdaşı Emin Fətəliyev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara şəhər Təhsil şöbəsinin əməkdaşı Emin Fətəliyev şagirdlərə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə Tədbirlər Planının əhəmiyyətindən danışıb. Bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini vurğulayaraq, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və bu kimi tədbirlərin önəmini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə “İslamda sülh” mövzusunda çıxış edərək, dinimizdə sülhün, qardaşlığın əhəmiyyətini vurğulayıb. Bu baxımdan IV İslam Həmrəyliyi oyunlarının həm ölkəmiz, həm də İslam dünyası üçün əhəmiyyətindən danışıb. T.Həsənzadə Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığını, tolerant və multikultural mühitin mövcudluğunu diqqətə çatdırıb. Dini radikalizm, ekstremizm və onun fəsadlarından bəhs edən “Fitnə” filminin gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğunu bildirib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib.