20.12.2016
Astarada maarifləndirici tədbir keçirilib
Dekabrın 20-də Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Astara şəhər “Qum” məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Elnur Rəsulov, Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov layihə barədə danışarkən gənclərimizin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin təbliğini, eləcə də ağsaqqalların və ziyalıların rolunu vurğulayıb. Natiq dini radikalizmə qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruriliyini xüsusi qeyd edib.
Astara RİH başçısı Aparatının Hüquq şöbəsinin əməkdaşı Elnur Rəsulov çıxışında bildirib ki, ölkəmizdə vətəndaşlar arasında dini radikalizm təhlükəsinin qarşısını almaq, sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza var. İstər aparılan maarifçilik işləri, istərsə də hüquq mühafizə orqanlarının fəaliyyəti nəticəsində dini radikalizmə qarşı mübarizə mütəmadi olaraq həyata keçirilməkdədir.
Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında Azərbaycan dövlətinin radikalizmə qarşı qətiyyətlə mübarizə apardığını diqqətə çatdıraraq həm bu, həm də gənclərimizin yad təsirlərdən qorunması sahəsində DQİDK-nın həyata keçirdiyi genişmiqyaslı tədbirləri yüksək qiymətləndirdiyini bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.