Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2018

Astarada keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda Astarada keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib.

Gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında gənclər arasında dini maarifləndirmə və milli-mənəvi dəyərlər ruhunda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Natiq, bu kimi tədbirlərin dini radikalizmə qarşı mübarizədə effektiv olduğunu bildirib.

Daha sonra çıxış edən Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gəncləri dini radikalizm və onun fəsadları haqqında məlumatlandırmaqdır. M.Hacıyev, eyni zamanda gənclərin dini radikal qruplara qoşulma səbəbləri haqqında danışıb, dini radikalizmə qarşı mübarizə metodları barədə məlumat verib. O, dini radikalizmə qarşı mübarizə və gənc nəslin dini radikal qruplara qoşulmasının qarşısını almaq üçün onların düzgün dini bilgilərlə məlumatlandırılmasının vacibliyini vurğulayıb. 

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin Dini təhsil sektorunun müdiri vəzifəsini icra edən Əli Həziyev çıxışında ölkəmizdə dini radikalizmə qarşı mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Mövzunun aktuallığından danışan Ə.Həziyev gənclərin bu istiqamətdə maarifləndirilməsinin zəruriliyini qeyd edib. Radikal dini qrupların təbliğat metodları və həmin cərəyanlara qarşı aparılan 4 praktik metod haqqında məlumat verib. 

Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.