01.10.2015
Astarada “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb
Sentyabrın 30-da konfrans işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirib. İclasda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövsuzunda çıxış edib. Ənənəvi dini dəyərlərimizin mahiyyətindən bəhs edən sədr müavini bu dəyərlərin qorunmasının vacibliyindən danışıb. Gündüz İsmayılov bildirib ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılıdır.
Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları” mövzusunda məruzəsi dinlənilib. Əliheydər Zülfüqarov radikalizmi yaradan səbəblərdən və bu kimi halların qarşısının alınması metodlarından danışıb. O, bildirib ki, Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır.
“Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” mövzusunda çıxış edən Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb, bu sahədə xüsusən bölgələrdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görüldüyünü bildirib.