13.07.2018
Astarada dindarlarla görüş keçirilib
İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Astara rayonu Pensər kənd “Hacı Teymur Cümə” məscidində dindarlarla görüş keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Pensər kənd “Hacı Teymur Cümə” məscidi dini icmasının sədri Fariz Veysəlov, Pensər kənd “Cümə” məscidi dini icmasının sədri Hüseynağa Nəsirov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pensər kənd “Hacı Teymur Cümə” məscidi dini icmasının sədri Fariz Veysəlov Qafqaz Müsəlmanları İdarəsinin Gəncə hadisələri ilə əlaqədar bəyanatını oxuyub. F.Veysəlov din xadimləri və dindarların hər zaman dövlətə sadiq olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında İslam dininin tərəqqipərvər din olduğunu, bütün bəşəriyyəti sülhə çağırdığını bildirib. Q.Məmmədov məzhəb ayrı-seçkiliyinin müsəlman ölkələrində törətdiyi fəsadlar haqqında danışaraq, bu baxımdan ölkəmizdə hər iki məzhəb nümayəndələri arasında vəhdətin mövcud olduğunu qeyd edib.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxışında Azərbaycanda dövlət və din münasibətlərindən, ölkəmizin dünyadakı, o cümlədən, İslam ölkələri arasındakı nüfuzundan bəhs edib. H.Abdulla Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin birlik və həmrəylik mühitində, qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulayıb.
Sonda hər iki məzhəb nümayəndələrinin iştirakı ilə vəhdət namazı qılınıb.