26.04.2017
Astara rayonunda “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” adlı maarifləndirici tədbir keçirilib
Aprelin 26-da Astara şəhəri Mərkəzi kitabxanasında “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev İslam dininin öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, həmrəyliyə, dostluğa və humanizmə dəvət etdiyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında bu gün məzhəblərə bölünmüş İslamın ifrat təəssübkeşlik xəstəliyinə yoluxaraq məzhəb zəminində münaqişələrin iştirakçısına çevrildiyini və bu amildən İslama qarşı istifadə edildiyini bildirib. Belə bir zamanda cənab Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini birlik və həmrəylik üçün vaxtında verilmiş, mühüm və mütərəqqi addım olduğunu nəzərə çatdıran natiq bu sahədə dini icmaların rolunun əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən din xadimləri müsəlmanların ən böyük gücünün vəhdət olmasını, vəhdətin təmin olunması üçün məzhəblər arasında dialoqun vacibliyini söyləyiblər. Onlar keçirilən bu kimi maarifləndirici tədbirlərdən bəhrələnərək öz fəaliyyətlərində vəhdət və məzhəblərarası dialoqu hər zaman rəhbər tutacaqlarını diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



.jpg)