“Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib
Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin və Xızı rayon Sitalçay kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, Xızı rayon Sitalçay kənd məscidi dini icmasının sədri Pərvaz Məlikov, dindarlar və kənd sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Pərvaz Məlikov bildirib ki, Aprel zəfəri bir daha sübut etdi ki, xalqımız canı bahasına olsa da Vətən torpaqlarının bir qarışını belə heç kəsə güzəştə getməyəcək. Bizə qələbə sevinci bəxş edən Aprel şəhidlərimizin xatirəsini xalqımız daim uca tutacaqdır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov qeyd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. O bildirib ki, Aprel döyüşlərində şəhidlərimizin göstərdiyi şücaət gənc nəslimiz üçün nümunə olmalıdır.
Daha sonra Aprel şəhidi Ravil Novruzovun məzarı ziyarət olunub və şəhidlərin ruhuna dualar edilib.
