“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib
Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçlığı ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər “Heydər” məscidinin imam müavini Yusif Bağırov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxışında Aprel döyüşlərində Azərbaycan gənclərinin göstərdiyi şücaətdən bəhs edib. Bildirib ki, hər bir vətəndaş xalqına və dövlətinə sadiq olmalıdır.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Atakişi Məhərrəmli keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Komitəsinin bu sahədəki fəaliyyətindən geniş bəhs edərək qeyd edib ki, Vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır. Natiq şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyib.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


