08.04.2017
Ağsuda “İslamda birlik və bərabərlik çağırışları” adlı maarifləndirici tədbir keçirilib
Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu rayonu Çiyni kənd məscidi dini icmasının “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi” layihəsi çərçivəsində “İslamda birlik və bərabərlik çağırışları” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov, Ağsu şəhər “Hacı Alcan Hacı Almaxanım” məscidinin axundu Elşən Rəhimli, Ağsu rayonu Padar kənd məscidi dini icmasının sədri Kərimov Nizami, Ağsu rayon Ərəbmehdibəy kəndi üzrə dini ayinlərin icraçısı Şamil Xəlilov, Çiyni kənd məscidi dini icmasının sədri Elşən İsmayılov, dini icma üzvləri və gənclər iştirak ediblər.
Çıxışlarda birlik və bərabərliyin Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyəti olması diqqətə çatdırılıb. Qeyd olunub ki, xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən olan dini bərabərlik prinsipləri bu gün Azərbaycanı dünyada nümunəvi ölkələrdən birinə çevirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.