15.12.2016
Ağsuda "Dini radikalizm və onun fəsadları" mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda Ağsu Rayon Mədəniyyət və Turizm şöbəsində dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşları Mədəd Rəhimov, Cavid Cabbarov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Kənan Tacızadə, Ağsu Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Cavanşir Şeydazadə, Ağsu rayon Veteranlar şurasının sədri Cəmaləddin Zeynalov, Rayon Təhsil Şöbəsinin metodisti Mətləb Nuriyev, QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov və rayonun təhsil, mədəniyyət işçilərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Cavanşir Şeydazadə mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli məruzəsində dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Lakin hazırda ölkəmizdə dini maarifləndirmə işi ən yüksək səviyyədə aparılmaqdadır.
QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edərək dini radikalizmin fəsadlarından nümunələr göstərib.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.