26.07.2017
Ağstafada maarifləndirici tədbir keçirilib
İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa şəhəri İmam Əli adına "Cümə"məscidi dini icması tərəfindən "İslam həmrəyliyinin Azərbaycan nümunəsi" layihəsi çərçivəsində "İslam həmrəyliyi günün tələbidir" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi uzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, DTX-nın Ağstafa rayon şöbəsinin əməkdaşı Bayram Heydərov,icma sədri Şahin İsmayılzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icmanın sədri Ş.İsmayılzadə tədbirlə bağlı ümumi məlumat verərək bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri R.Tağıyev müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
Ağstafa RİH başçısı Aparatının nümayəndəsi Əziz Məsmalıyev rayondakı dini durum, dövlət və din münasibətləri barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.