16.06.2016
Ağdaşda “Vətəni sevmək imandandır” mövzusunda maarifləndirici tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir. İyunun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Ağdaş şəhərində “Vətəni sevmək imandandır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ağdaş şəhər “Üç qovaq” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Şahin Rəhimli, ilahiyyatçılar, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri və üzvləri, din xadimləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Abbasov məruzəsində Vətəni sevməyin bütün vətəndaşların müqəddəs borcu və vicdanlılıq nümunəsi olduğunu qeyd edərək imandan, əqidədən gələn bu sevginin xalqımızın birliyinin əsas səbəblərindən biri olduğunu vurğulayıb.
Daha sonra çıxış edənBakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Kamran Məmmədov Vətən, dövlət, xalq, insan sevgisinin İslam elmindəki özünəməxsus yerindən bəhs edib.
Mingəçevir şəhər “Heydər” məscidinin naib imamı Müşfiq Nəcəfov çıxışında Vətəni sevməyin imandan gəldiyinə dair fikirlərini İslam dünyasının görkəmli şəxslərinin fikirləri və İslam dəyərləri ilə əsaslandıraraq, xalqımızın tarix boyu müxtəlif işğalçı qüvvələrə qarşı azadlıq mübarizəsi aparmasında milli-mənəvi sərvətimiz olan İslam dəyərlərinin böyük rolu olması və bu dəyərlərin insanları Vətəni sevməyə çağırmasından danışıb. Natiq çıxışında insanları babalarımızın bizə miras qoyduğu birliyimizi qorumağa çağırıb.
Tədbirin sonunda çıxış edən Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


.jpg)
