02.02.2018
Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev mərkəzində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş rayon Texniki, Təbiət və Humanitar təmayüllü gimnaziyanın şagird və müəllim heyəti, eləcə də rayon ictimaiyyəti iştrak ediblər.
Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, sənədli film dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir. O, filmin ərsəyə gəlməsində rolu olan hər kəsə, xüsusən də Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi barədə qısa məlumat verib, filmdə Azərbaycandan kənarda mövcud olan qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaq üçün getmiş şəxslərdən və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizdən bəhs olunduğunu qeyd edib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçıları film barədə öz təəssüratlarını bölüşüblər.
.jpeg)
.jpeg)