Ağdaşda “Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusu müzakirə olunub
Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, QMİ-nin Şirvan bölgəsi üzrə qazısı Əli Məmmədov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Şirvan bölgəsi üzrə qazı Əli Məmmədov dövlətimizin dinə və dindarlara qayğısından bəhs edib. İslamın sülh və əmin-amanlıq dini olduğunu vurğulayan Əli Məmmədov dinimizdə şiddət və zorakılığın qəbuledilməz olduğunu və xüsusilə Ramazan ayının bütün müsəlmanları vəhdətə çağırdığını qeyd edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev Azərbaycanda dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafından bəhs edərək, bunun təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Ramazan ayında bütün dini ayinlərin qanun çərçivəsində icra olunmasının vacibliyini qeyd edən N. Əfəndiyev Azərbaycanın dünya miqyasında tolerant ölkə kimi tanındığını vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev mövzu ətrafında geniş məruzə ilə çıxış edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.