Ağdaşda "Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans formatında tədbir keçirilib
İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda "Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Ağdaş rayon Gənclər və İdman idarəsinin və YAP Ağdaş rayon təşkilatının əməkdaşları, icma sədrləri, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri iştirak ediblər.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, insanlığın böyük bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemlər arasında qalmaqdadır. BMT-nin hesablamalarına görə bugün dünyada təqribən 250 milyona yaxın insan narkotik maddələrin istifadəsi səbəbindən bu və ya digər formada əziyyət çəkir. Bu isə dünya əhalisinin təqribən 15-65 yaş arasında kəsiminin 5 faizini təşkil edir.
Çıxış edən Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayaraq bildirib ki, narkomaniya ilə mübarizəni hamılıqla aparmalı, xüsusən gəncləri bu barədə maarifləndirməliyik. Gənclərimizin bu bəladan uzaq durması üçün ailə və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Azad Gözəlov, bu kimi tədbirlərin əhəmiyyətinin danılmaz olduğunu qeyd edib.
Mövzu ilə əlaqədar çıxış edənlər narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə mənbəyi olduğunu, narkomaniyanın yaddaş və təfəkkürü pozduğunu, həyati proseslərə qarşı laqeydlik yaratdığını bildiriblər.
Daha sonra çıxış edən Ağdaş şəhər “Üçqovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli vurğulayıb ki, İslam dini insan sağlamlığına böyük əhəmiyyət verir. Buna görə də dinimizdə insanların səhhətinə zərər verəcək maddələrin istifadəsi haram buyrulub.



