03.05.2018
Ağdaşda “Heydər Əliyev: tolerantlıq və multikulturalizm ideaları” mövzusunda dəyirmi masa keçirilib
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi, Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: tolerantlıq və multikulturalizm ideaları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin məsləhətçisi Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon İstək Liseyinin müdiri Rəşad Əliyev, rayon Humanitar kollecinin pedoqoji və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması istiqamətində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin vurğulayıb ki, Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.
“Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda çıxış edən Ağdaş RİH-başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır.S.Musayev, eyni zamanda bildirib ki, Ümummilli lider Heydər Əliyev dinimizin və milli-mənəvi dəyərlərimizin qayğısına qalaraq, bu dəyərlərin qorunub-saxlanılmasına xüsusi diqqət göstərib.
Tədbirdə “Heydər Əliyev və nümunəvi dövlət-din münasibətləri” mövzusunda çıxış edən Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət nəticəsində ölkəmizdə sülh, əmin-amanlıq hökm sürür. A.Gözəlov Heydər Əliyevin dini ibadətgahların təmiri və bərpasına göstərdiyi diqqəti dahi şəxsiyyətin dinə verdiyi önəmin bariz nümunəsi adlandırıb.
Ağdaş rayon İstək Liseyinin müdiri Rəşad Əliyev və DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov da mövzu ətrafında çıxış ediblər
Yekunda mövzuya dair suallar cavablandırılıb.