04.10.2016
Ağdaşda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans keçirilib
Oktyabrın 4-də Ağdaş şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda konfrans təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti, dini icma sədrləri, dindarlar, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər.
Konfransda çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Sallahlı, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdaş RİH-in nümayəndəsi Qabil Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədov ölkəmizdə dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə qurulduğunu vurğulayıblar. Qeyd olunub ki, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü uğurlu siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib və bu, dini radikalizmlə mübarizədə mühüm amildir. Bildirilib ki, dini radikalizmlə mübarizədə dini icmaların rolunu artırmaq, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyət dövrün tələbinə çevrilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


.jpg)