24.05.2016
Ağdaşda “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində mayın 24-də Ağdaş şəhərində “Dini radikalizmin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, dini icmanın sədri Şahin Rəhimli, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Ağdaş rayon şöbəsinin müdiri İsmayıl Xudiyev, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, keçiriləcək bütün tədbirlərə DQİDK tərəfindən lazımi köməkliklərin göstəriləcəyini bildirib. O, mövzu ilə bağlı ətraflı çıxış edərək dini radikalizm, eləcə də dini ekstremist şəxslərlə aparılan mübarizə barədə geniş məlumat verib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov İslam dünyasında dini radikalizmin yaranma səbəbləri və İslamı düzgün şəkildə təbliğ etməklə dini radikalizmin yayılmasına qarşı mübarizə üsulları barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər də mövzu ilə bağlı fikirlərini bildiriblər.
.png)
.png)
.png)