Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.09.2017

Ağdaşda dini maarifləndirmə tədbirləri uğurla davam etdirilir

Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon Qəribli kənd məscidi dini icmasının “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində “Tolerant və multikultural cəmiyyətdə birgə yaşayışın əsas şərtləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Tural Ələkbərov və Rahib İbrahimov, Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Daşqın Məmmədov deyib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub, gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov bildirib ki, ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. “Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatələniblər”- deyə o qeyd edib. Bununla yanaşı, Rahib İbrahimov çıxışında milli-mənəvi dəyərlərimizin təbliğatının artırılması istiqamətində din xadimlərini və dindarları daha aktiv fəaliyyət göstərməyə çağırıb.
Mövzu ilə bağlı çıxış edən edən Qəribli kənd məktəbinin müəllimi Kamran Əliyev dini radikalizmə qarşı mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib.
Sonda  tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.