15.11.2017
Ağdaşda dini maarifləndirmə tədbirləri davam etdirilirr
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə noyabrın 15-də Ağdaş şəhər dindarları məscidi dini icmasının “İslam həmrəyliyi ili: həmrəyliyə dəvət və sülhə çağırış” layihəsi çərçivəsində “Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Rayonun Müşfiq İsayev adına orta məktəbində təşkil olunan tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, əməkdaşları Tural Ələkbərov və Rahib İbrahimov, icma sədri Vasib Əhmədov, məktəbin direktoru Ədilxan Ədilov, eləcədə müəllim və şagirdləri iştirak ediblər..
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ədilxan Ədilov ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını bildirib. Məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayan Ə.Ədilov gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin mühüm əhəmiyyəti olduğunu deyib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizmin yaratdığı fəsadlar və baş verən faciələrdən bəhs edib. Gənclərin radikal təsirlərdən qorunması istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan şöbə müdiri vurğulayıb ki, Dövlət Komitəsi digər məsələlərdə olduğu kimi, dini radikalizm və ekstremizmlə mübarizə mövzusunda da maarifləndirici tədbirlər keçirir. “Bu tədbirlər digər dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə birgə təşkil olunur ki, bu da işin effektivliyinin artırılmasına xidmət edir” – deyə o qeyd edib.
Daha sonra çıxış edən dini icma sədri Vasib Əhmədov dövlət – din münasibətlərinə toxunaraq dövlətin dinə və dindara göstərdiyi qayğıdan bəhs ediblər.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov isə çıxışı zamanı söyləyib ki, dini radikal meyillər savadsızlıqdan irəli gəlir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.

.jpg)

