11.05.2016
Ağdaşda dindarların radikal təsirlərdən qorunması məsələsi müzakirə olunub
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində mayın 11-də Ağdaş şəhərində “İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları, dini icmanın sədri Şahin Rəhimli, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov,Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,rayonda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən Ağdaş şəhəri, “Üç qovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.Tədbirdə, eyni zamanda, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon “Pirkəkə” kənd məscidi dini icmasının sədri Elşən Həşimov, Ağdaş rayonu, Xosrov kəndi “Hacı Bulud” məscidinin imamı Rövşən Osmanov, Ağdaş şəhər “Hacı İsmayıl” məscidinin naib imamı Fərhad Bəhərçinov da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Natiqlər Ağdaş rayonu üzrə dini sahədəki durum, həmçinin, dini ekstremizmin fəsadları, İslam dünyasında dini ekstremizmin yaranma səbəblərindən danışıblar. Tədbirin sonunda çıxış edən Ağdaş şəhəri “Üç qovaq” məscidi dini icmasının sədri Şahin Rəhimli özü və tədbir iştirakçıları adından möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, inanclı insanları Azərbaycan dövləti və onun Prezidenti ətrafında sıx birləşməyə çağırıb.
.jpg)

.jpg)