14.09.2017
Ağcabədidə növbəti maarifləndirmə tədbiri baş tutub
Sentyabrın 14-də Ağcabədi rayon “Seyid Mürsəl Ağa” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin direktoru Teymur Qasımov, “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağcabədi şəhər 4 saylı tam orta məktəbin direktoru Teymur Qasımov keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. İslamın sülh dini olduğunu vurğulayan natiq ölkəmizdə məzhəb zəminində münaqişələrin olmadığını diqqətə çatdırıb.
Dini icma sədri Zeynəb Quliyeva 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm tarixi əhəmiyyət daşıdığını, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn təşəbbüs olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov bildirib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində əsas məsələlərdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.
.jpg)
.jpg)