03.11.2016
Ağcabədidə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsəsində "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Dini radikalizmə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə N saylı hərbi hissə komandirinin şəxsi heyət işi üzrə müavini, polkovnik leytenant Musa Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin sədr müavini Eldəniz Qəmbərov, İdarənin aparıcı məsləhətçisi Cavid Bünyadov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov, Ramil Nağıyev, Ağcabədi rayon dindarı Qanboy İbrahimov iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov dini radikalizmi doğuran səbəblərdən danışaraq, Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasəti xüsusi vurğulayıb. O qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi, cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş Azərbaycan dövlətinin anti-radikalizm siyasətinin əsas elementlərini təşkil edir. O, mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Natiqlərin çıxışları əsasən vətənpərvərlik, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və dini radikalizmə qarşı mübarizəyə həsr olunub.
Sonda hərbi hissənin rəhbərliyinə Dövlət Komitəsi tərəfindən çapına icazə verilmiş dini ədəbiyyatlar hədiyyə edilib.