25.10.2017
Ağcabədidə dini maarifləndirmə tədbirləri davam etdirilir
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması tərəfindən oktyabrın 25-də “İslam həmrəyliyi dövrün tələbidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Muğanlı kənd bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev, dindarlar və icma üzvləri iştirak ediblər.
Dini icma sədri Süleyman Ağayev bildirib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Prezident cənab İlham Əliyev tərəfindən atılmış müdrik, düşünülmüş və uzaqgörən addımdır.
Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev qeyd edib ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınmasına və İslam ölkələri arasında həmrəyliyin yaradılmasına öz töhfəsini verəcək. Bildirib ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoq məkanına çevrilib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə bildirib ki, “İslam Həmrəyliyi İli” bütün İslam aləminə həmrəylik, dinlər və məzhəblər arasında dialoq qurmaq çağırışıdır. O vurğulayıb ki, İslam həmrəyliyi təkcə bizim dövlətimiz üçün deyil, həm də digər müsəlman dövlətlərinin ehtiyac duyduğu bir ideyadır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.