19.12.2016
Abşeronda “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə uğurla icra olunur
Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Saray qəsəbəsi “Cümə” məscidi (1) dini icmasının “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihəsinin icrasına başlanılıb.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov, Saray qəsəbəsi “Cümə” məscidi (1) dini icmasının sədri Qalib Tahirov, dini icma üzvləri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Qalib Tahirov qeyd edib ki, belə layihələrin həyata keçirilməsi istiqamətində dövlət dəstəyi olduqca təqdirəlayiqdir və bu, ölkə başçısı İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin təzahürüdür. Yaradılan bu şəraiti maksimum dəyərləndirərək xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, gənclərimizin milli dəyərlərimiz ruhunda tərbiyəsi üçün mühüm addımlar atılmalıdır. O, eyni zamanda gənclərimizi radikal dini cərəyanların təhlükələrindən uzaq tutmaq üçün səylərimizi daha da artırmalı olduğumuzu bildirib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov məruzəsində milli-mənəvi dəyərlərimizin formalaşmasında ictimai-fəlsəfi fikir tariximizin mühüm rolundan danışıb. O qeyd edib ki, sahib olduğumuz milli–mənəvi dəyərlərimiz, tolerantlıq kimi həyat tərzimiz ölkəmizin, xalqımızın hərtərəfli inkişafı üçün zəmin yaradır. Bu dəyərlərin təbliğatı ilə həm də zərərli, radikal dini cərəyanlara qarşı effektiv mübarizə apara bilərik.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.