Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.01.2016

Abşeronda “Erkən nikahların cəmiyyətdə yaratdığı fəsadlar və dinin mövqeyi” mövzusunda tədbir keçirilib

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonunun Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının həyata keçirdiyi “Zərərli vərdişlər və erkən nikahın yaratdığı fəsadlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbir “Erkən nikahların cəmiyyətdə yaratdığı fəsadlar və dinin mövqeyi” mövzusuna həsr olunub.  Güzdək qəsəbə orta məktəbində təşkil olunan tədbirdə əvvəlcə “Qurani-Kərim”dən surə oxunub. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elnur Kəlbizadə  20 Yanvar hadisələrinin qanlı olmaqla yanaşı, həm də bir qəhrəmanlıq tarixi kimi xarakterizə olunduğunu deyib. Vurğulanıb ki, o gecə şəhid olan qəhrəman oğul və qızlarımız Vətən uğrunda canlarını fəda etmiş və ən yüksək şəhidlik zirvəsinə ucalmışlar Qeyd edilib ki, 20 Yanvar həm də İlham və Fərizə kimi şəhidlərimizin timsalında Azərbaycan ailəsinin mətinliyini və yetkinliyini özündə əks etdirmişdir. Ailə cəmiyyətin təməlidir və o yetkin vətəndaşların birliyi kimi formalaşmalıdır. Bu cəhətdən bir sıra bölgələrimizdə erkən nikahların ciddi fəsadları ola bilər və bu istiqamətdə insanları maarifləndirmək həm də din xadimlərinin və dini icmaların üzərində bir vəzifədir.

Abşeron rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fəxrəddin Orucov, Güzdək bələdiyyəsinin sədri Həsən Hacıağayev çıxış edərək tədbirin belə bir vacib mövzuya həsr olunmasının təqdirəlayiq olduğunu vurğulayıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qəsəbə dini icmasının irəli sürdüyü bu təşəbbüsü dəstəklədiklərinə görə minnətdarlıqlarını ifadə ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin məsləhətçisi Şahlar Məmmədov “Erkən nikahların cəmiyyətdə yaratdığı fəsadlar” mövzusunda ekspert qismində məruzə ilə çıxış edib. O, ümumilikdə nikah, erkən nikahın səbəbləri, erkən nikahın nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən bəhs edib. Tədbirin məhz qəsəbə məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilməsinin də gələcək ailələrin sağlam təməllər üzərində qurulmasına xidmət etdiyini qeyd edib.

Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icmasının sədr müavini, məscidin din xadimi Mirkazım Kazımlı “Erkən nikahlar və İslam dininin mövqeyi” mövzusunda çıxış edib. Erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini deyib. Müqəddəs “Qurani-Kərimin” ilk ayəsinin “Oxu” kəlməsi olduğunu xüsusi vurğulayan din xadimi dini nikahlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvasının olduğunu, rəsmi nikah şəhadətnaməsi olmadan dini kəbinlərin kəsilməsinin yolverilməzliyini qeyd edib. Çıxış edən Güzdək qəsəbə məktəbinin direktoru Qasım Dadaşov, kənd ağsaqalları, müəllimlər belə bir maarifləndirici tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Daha sonra layihə çərçivəsində nəşr olunmuş marrifləndirici vəsaitlər və kitablar məktəb kitabxanasına, müəllim və şagirdlərə təqdim olunub.