Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.05.2016

ABŞ-ın “Jewish Journal” qəzetində Paul Ryana Azərbaycanla bağlı ünvanlanmış məktub dərc edilib

ABŞ-ın ən nüfuzlu yəhudi qəzetlərindən olan, Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryana ünvanlanmış məktub dərc edilib. Məktub Los-Ancelesin “Pico Shul” sinaqoqunun rəhbəri ravvin Yonah Buksteynin adından yazılsa da, məktubu Los-Ancelesin digər nüfuzlu ravvinləri də imzalayıblar.
Məktubda əsasən ötən ilin dekabr ayında ABŞ Konqresmeni Kris Smitin Azərbaycan əleyhinə irəli sürdüyü qərəzli qanun layihəsinə etiraz edilir. Eyni zamanda, ravvinlər Yaxın Şərqdə baş verən dini zorakılıq və ayrı-seçkilik fonunda terrorizmlə bağlı mübarizədə daim İsrail və ABŞ-ın yanında olan Azərbaycanı dəstəkləməyə çağırırlar.
Məktubunda ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə toxunan ravvin Azərbaycanda yəhudilərə göstərilən dövlət qayğısından söhbət açır.Qeyd olunur ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda müsəlman, yəhudi və xristianlar mehriban şəkildə yaşayırlar, dövlət tərəfindən yəhudilər üçün məktəb və sinaqoqlar tikilir. 
Ravvin Azərbaycanda səfərdə olarkən şahidi olduğu tolerant və multikultural mühitin məhz xalqımızın zəngin milli-mənəvi dəyərlərindən irəli gəldiyini xüsusilə diqqətə çatdırıb.
Məktubun Azərbaycan dilində mətnini təqdim edirik:
 
 
2016, 30 Mart
Hörmətli Sözçü Ryan,
Mən Cənubi Kaliforniya Universitetində oxuyan tələbələrin və Qərbi Los-Ancelesdə yaşayan ailələrdən birinin provaslav ravviniyəm. Bizimlə dost və müttəfiq ölkə olan Azərbaycanla münasibətlərimizə zərər gətirəcək qanun layihəsi ilə bağlı dərin narahatlıq hissi keçirirəm.
Biz aşağıda imza atanlar, ravvinlər və icma rəhbərləri dostluq və həmrəyliklə bağlı ortaq dəyərləri bölüşür və dostlarımızla pis rəftar zamanı yarana biləcək ağır riskləri yaxşı başa düşürük.
2015-ci ilin may ayında multikulturalizm və tolerantlığa həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişdim. Konfransın keçirilidiyi üç gün ərzində müxtəlif etiqada və milliyyətə mənsub insanlarla görüşdüm və belə bir konfransda ilk dəfə idi ki, iştirak edirdim. Azərbaycanda olduğum müddətdə yəhudi olaraq Bakı küçələrində fəxarətlə gəzirdim. Mənim bələdçim isə müsəlman idi. Mən yəhudilərin, xristianların və müsəlmanların biri-birləri ilə dinc və sülh şəraitində yaşadığının şahidi oldum. Hətta insanlar mənə Şalom verirdilər. 
Niyə mənim bu səyahətim qeyri-adi və unudulmaz idi? Çünki Azərbaycan əhalisinin 95%-i müsəlmanlardır. Elə buna görə də bu gün sizə yazmaq qərarına gəldim. Nə qədər yaxşı səslənsə də, ABŞ qanunverici orqanları 4264 nömrəli qanun layihəsinin Amerika üçün doğru olduğunu düşünməkdə yalnışlığa yol verirlər. Bu həqiqəti əks etdirməyən  addımdır.
Biz inanırıq ki, Azərbaycan inkişaf edir, çiçəklənir və bu gün biz Azərbaycanın Amerikada şahidi olduğumuz demokratiyanın inkişafına doğru sıx addımlar attığını görürük.
Elə düşünülməməlidir ki, görmək istədiyimiz inkişaf qısa müddətdə baş verəcək. Biz Azərbaycandakı müttəfiqlərimizə qarşı sanksiyalar tətbiq etsək, bu addımımız Amerika, İsrail və Yəhudi icmasının tamamilə ikiüzlü və riyakarlığından başqa bir şeyi ifadə etməz.
Misal üçün: Səudiyyə Ərəbistanında Amerikanın ən yaxın müttəfiqlərindən biri olan yəhudilərə vətəndaşlıq almağa icazə verilmir. Ancaq Bakıda yəhudi məktəbləri və sinaqoqlar Dövlət tərəfindən təmir olunur və ya yenidən tikilir. Bundan əlavə, Küveytdə, İsrail vətəndaşları dövlətə məxsus hava yollarında səyahət edə bilməzlər, ancaq Bakı ilə Təl-Əviv arasında bir başa reyslər mövcuddur. Heç kim bu dövlətlərə qarşı sanksiyanın tətbiq edilməsinə belə can atmır, hətta bu ölklər heç dünyəvi də deyil.
Dostluq Yəhudi inancının ən ali dəyəridir. Biz inanırıq ki, ABŞ siyasəti şübhə və ehtimallar əsasında deyil, əsl dostluq, qarşlıqlı anlaşma və dəstək əsasında Azərbaycan Respublikasına qarşı yönələcək.
ABŞ-ın Əfqanıstanda və İraqda böyük dəstəkçisi, Avrasiya zonasında qətiyyətli müttəfiqi olan Azərbaycan özünü zamanın sınağından çıxmış güclü əməkdaş və ayrılmaz dost kimi sübut etmişdir.
Yaxın Şərqdə və ona yaxın ərazilərdə narazılıqlar və münaqişələrin baş verdiyi, dini zəmində zorakılığın vüsət aldığı, ölkələrin bir-biri ilə siyasi əlaqələri kəsdiyi  bir dövrdə, Amerikanı və İsraili terrorizm və ekstremizmə qarşı mübarizədə dəstəkləyən və dəstəkləməyə davam edən Azərbaycan kimi müttəfiqlər çox önəmlidir.
 
Xoş arzularla,
Ravvin Yonah Bookşteyn