“31 Mart-Tariximizin qanlı səhifəsi” adlı videokonfrans keçirilib
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş “31 Mart-Tariximizin qanlı səhifəsi” adlı videokonfrans keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Ceyhun Rüstəmov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirdə ilk olaraq soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart və aprel aylarında baş verib. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı öldürüb, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidlər və digər abidələri dağıdıblar.
Videokonfransda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və xalqın birliyi ilə düşmən təxribatlarının qarşısının alınması məqsədi ilə başlanılan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbə ilə soyqırımı qurbanları və şəhidlərimizin qisası alınıb, tarixi ədalət bərpa edilib.