“31 mart-Azərbaycanlıların Soyqırımı Günü” adlı onlayn konfrans keçirilib
Mart ayının 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli, Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda onlayn konfrans keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək bildirib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzur, Naxçıvan, Şərur, Ordubad, Qars və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox insan öz doğma torpaqlarından didərgin salınmışdır. O, həmçinin azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri barədə danışıb. Qeyd edib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Daha sonra çıxış edən tədbir iştirakçıları qeyd ediblər ki, 31 mart soyqırım qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan gənc nəslə çatdırılmalıdır.