20 Yanvar faciəsinə həsr olunmuş onlayn formatda regional konfrans keçirilib
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala, Qax və Balakən rayonlarının icra hakimiyyətlərinin və QMİ-nin Zaqatala, Qax və Balakən rayon qazılıqlarının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən yol!” adlı onlayn formatda regional konfrans keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, adıçəkilən rayonların icra hakimiyyətlərinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, bölgədə fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və başqaları iştirak ediblər.
Tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlar zamanı milli birlik, iradə və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi və suverenliyi naminə canından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının misilsiz fədakarlığı ilə xalqımızın qəhrəmanlıq səlnaməsində yeni parlaq səhifənin yazıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bu qanlı faciəyə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyi vurğulanıb.
Çıxışlarda o da qeyd olunub ki, azadlığa gedən yolda 20 Yanvar şəhidləri öz həyatları hesabına, şəxsi cəsarəti, igidliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik carçısına çevriliblər.

