18.01.2018
20 Yanvar faciəsi Xızıda anılıb
Yanvarın 18-də Xızı rayonu Yeni-Yaşma kənd tam orta məktəbində “Qanla yazılmış tariximiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə kənd tam orta məktəbinin direktoru Əbdülqasım Kətanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşı Abdulla Hüseynov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Əbdülqasım Kətanov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun mülki əhaliyə, silahsız insanlara, hətta uşaqlara və yaralılara kömək etmək istəyən həkimlərə qarşı silah işlətməsi amansız vəhşilik, xalqa qarşı soyqırımıdır. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmış, radio və televiziya susdurulmuş, çap mətbuatının nəşrinə qadağa qoyulmuşdu. 130-dan çox əliyalın insan, o cümlədən yaşlılar, qadınlar, uşaqlar amansızlıqla qətlə yetirilmiş, 700-dən çox adam yaralanmışdı.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov bildirib ki, artıq qanlı Yanvar faciəsindən artıq 28 il keçir və xalqımız həmin günü təkcə hüzn günü kimi deyil, həm də qəhrəmanlıq günü kimi qeyd edir. Çünki küçələr, meydanlar azadlıq arzusunda olan soydaşlarımızın qanına boyansa da, vüqarlı, dəyanətli xalqımız sovet ordusunun qarşısından geri çəkilmədi. Buna görə də indi biz nəyin bahasına olur-olsun azadlığımızı, müstəqilliyimizi qorumalıyıq. Bu, bizim şəhidlər qarşısında müqəddəs borcumuzdur.
Daha sonra DQİDK-nin sifarişi ilə çəkilən “Şəhadət”sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallarla bağlı müzakirələr aparılıb.


.jpg)
.jpg)