Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.07.2026

Dağbəyi İsmayılov: Dini sabitliyin qorunmasında medianın rolu əvəzsizdir

Bu gün sürətlə inkişaf edən informasiya cəmiyyətində media yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəy formalaşdıran, insanların dünyagörüşünə və mənəvi dəyərlərinə təsir göstərən mühüm sosial institutdur.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bu fikirləri Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün informasiya məkanı sürətlə dəyişir: "Bu məkanda indi ənənəvi media ilə bərabər, sosial media da sürətlə inkişaf edir. Belə bir mühitdə ənənəvi mediadan fərqli olaraq sosial mediada informasiyanın yayılması nəinki asanlaşıb, hətta nəzarətdən kənarda qalıb. Bu reallıq istənilən ölkədə dini sabitliyin qorunması məsələsini ön plana çıxarır. Buna görə də müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir. Medianın bu sahədə rolu təkcə məlumat yaymaqdan ibarət deyil – o, maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və cəmiyyətdə dini dözümlülüyün təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Dini sabitlik yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır. Onun sosial bazası dini savadlılıq və maarifləndirmədir. Gənclərimizə doğru və etibarlı dini biliklərin çatdırılması medianın əsas vəzifələrindən biri olmalıdır. Çünki harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası belə hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır".