Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2022 / Xəbərlər

Zərdabda maarifləndirici tədbirlər keçirilib

Mayın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda marifləndirici tədbir keçirilib.

Zərdab rayonu Mədəniyyət Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin müdiri Elyurə Məmmədova, təşkilatçı qurumların nümayəndələri və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur. Əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması müasir cəmiyyətimiz üçün müstəsna əhəmiyyət daşıyır. Bu sahədə problemlərin həlli üçün gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğat və maarifləndirmə tədbirləri müntəzəm olaraq keçirilməli, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlər həyata keçirilməlidir.  

***

Eyni gündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi, Zərdab Rayon İcra Hakimiyyəti (RİH), Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib.

Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH-in əməkdaşı Xəyalə Niftəliyeva, Gİİ-nin rəisi Ələkbər Kərimov, təşkilatçı qurumların nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi  çox böyükdür və praktiki olaraq heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlərin törədilməsinə təkan, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Gənclərimizi, uşaqlarımızı bu bəladan uzaq tutmaq, maarifləndirici tədbirlər təşkil edərək onlarla söhbət aparmaq, ağ ölümün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır.  

Daha sonra tədbirin mövzusu ilə bağlı videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.