Zaqatalada məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər müzakirə edilib
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanasının (MKS) birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, eləcə də MKS-in əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyi qeyd edilib. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı bildirilib. Məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər haqqında da ətraflı məlumat verilib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş etdirilib.
