Zaqatalada maarifləndirmə tədbiri keçirilib
İyulun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda konfrans keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, YAP Zaqatala Rayon Təşkilatının Aparat rəhbəri Fərid Ramazanov, Zaqatala rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin müdir vəzifəsini icra edən Leyla Məmmədova, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Zaqatala İslam Kollecinin tədris işləri üzrə direktor müavini Səfa Muradov, din xadimləri, dini icma sədrləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna mənfi təsiri, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması hallarına qarşı mübarizədə profilaktik və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin önəmi diqqətə çatdırılıb. Eyni zamanda gender bərabərliyinin təmin edilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması məqsədilə dövlət orqanları, ictimai təşkilatlar tərəfindən bu istiqamətdə müntəzəm tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Tədbirdə yeniyetmə və gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin təbliği, erkən nikah hallarının qarşısının alınması istiqamətində maarifləndirici görüş və tədbirlərin həyata keçirilməsinin səmərəli olduğu vurğulanıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




