Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2023 / Xəbərlər

Zaqatalada keçirilən üçgünlük regional konfrans işini yekunlaşdırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda Zaqatalada keçirilən regional konfrans iyunun 14-də başa çatıb.

Tədbirin üçüncü günündə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Ağsaqqallar Şurası sədrinin müavini Tahir Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK sədrinin birinci müavini S.Salahlı ölkəmizdəki tolerant və multikultural ənənələrə söykənən nümunəvi dövlət-din münasibətlərindən danışaraq bildiririb ki, bu sahənin tənzimlənməsini reallaşdıran qanunvericilik aktları olduqca dolğundur və demokratik prinsiplərə əsaslanır. Komitə rəsmisi vurğulayıb ki, ölkəmizdə mövcud olan multikultural mühit radikalizm və dini dözümsüzlüyün cərəyan etdiyi bütün dövlətlər üçün əvəzsiz nümunədir. Onun sözlərinə görə, respublikamızda yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanclı insanların istifadəsinə verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi, dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması və.s işlər bu sahəyə olan diqqətin təcəssümüdür.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək bildirib ki, ölkə vətəndaşları dini mənsubiyyətindən asılı olmayaraq dövlətin qayğısı və himayəsi altındadır. Prezident cənab İlham Əliyev dini dəyərlərimizə böyük önəm verir. Qeyd olunub ki, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durum sabitdir, etiqad azadlığı tam təmin edilir.

Ağsaqqallar Şurası sədrinin müavini Tahir Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev öz növbələrində mövzu ilə bağlı fikirlərini bölüşüb, ölkə vətəndaşlarının dini mənsubiyyətindən asılı olmayaraq dövlətin qayğı və himayəsi ilə əhatə olunduqlarından, keçirilən maarifləndirmə tədbirlərinin milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması istiqamətində vacibliyindən bəhs ediblər.

Konfrans işini mövzu ətrafında müzakirələrlə yekunlaşdırıb.