Zaqatalada dünyəvi dövlətdə dinin yeri və roluna həsr olunan konfrans keçirilib
Azərbaycanda dinə dövlət qayğısı heç bir dinə qarşı ayrı-seçkilik edilmədən, dini konfessiyalara münasibətdə bərabərlik və bitərəflik mövqeyinin qorunması prinsipini rəhbər tutaraq həyata keçirilir.
Bu fikirlər 24-25 noyabr tarixlərində Zaqatalada “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda keçirilən konfransda səsləndirilib.
Gənclər, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov bölgələrdə ənənəvi olaraq təşkil edilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Sovet İttifaqının tərkibində Azərbaycan xalqının dini kimliyi, milli-mənəvi dəyərləri, bir sözlə, xalqın əsrlər boyu yaratdığı mədəniyyət məhv edilməyə çalışılıb. Bütün bu təzyiqlərə baxmayaraq, İslam dini hər zaman cəmiyyətdəki əhəmiyyətini qoruyub, fərqli formalarda dəyişən ictimai və siyasi şəraitə uyğunlaşaraq varlığını davam etdirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə din sferasında tarixi köklərə qayıdış və dini dəyərlərin canlanması prosesi geniş vüsət alıb. Nümunəvi dövlət-din münasibətlərinə diqqət çəkən S.Salahlı qeyd edib ki, hal hazırda Azərbaycan Respublikasında bu siyasət multikulturalizm və tolerantlıq ənənəsinin özünəməxsus forması kimi təcəssüm edir.
Ardınca DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev,YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, rayon Gənclər və İdman idarəsinin rəis müavini Səfər Şabanovun mövzu ilə bağlı fikirləri dinlənilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şuşa-270 il” adlı sənədli filmin nümayişindən sonra iştirakçıları maraqlandırılan suallar ətrafında müzakirələr aparılıb.





