Yevlaxda "Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Rayon Təşkilatı və Gənclər-Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin nümayəndəsi Fərid Vaqifli, YAP Yevlax Rayon Təşkilatının rəsmisi Tural İsmayılov, Gənclər-Evi Sosial Xidmət müəssisəsi və Yevlax şəhər 6 nömrəli tam orta məktəbin əməkdaşları, eləcə də şagirdlər iştirak ediblər.
Çıxış edənlər XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət Heydər Əliyevin azərbaycanlıların milli dövlətçilik düşüncəsini 70-ci illərin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmasını qeyd ediblər. Bildirilib ki, məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasının Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf etdiyini qeyd edən çıxışçılar, azərbaycançılıq ideologiyasının əsas qayəsinin real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək olduğunu vurğulayıblar. Bu gün də əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu bu idealogiyanın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək ali dəyər olaraq inkişaf etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.




